Ordumuz növbəti təlimlərə hazırlaşır – MARTIN 15-DƏN BAŞLAYACAQ

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

 

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

 

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən Müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

 

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv