Orta məktəbin qarşısında şəhidin barelyefi açıldı

Bu gün Yasamal rayonu 175 saylı orta məktəbin qarşısında şəhid Xəyal Balakişiyevin  barelyefinin açılış mərasimi keçirilib. Açılış mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin veteran və şəhid ailələri ilə iş üzrə şöbə müdiri Samir İsmiyev, Azərbaycan Vətən müharibəsi veteranlar birliyinin Yasamal şöbəsinin nümayəndələri,

şəhidin valideynləri və dostları iştirak edib.

 

Mərasimdə ilk öncə dövlət himni səsləndirilib. Daha sonra şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açılıb. Bildirilib ki, 1994-cü il oktyabrın 17-də Bakıda anadan olan Xəyal Balakişiyev Vətən Müharibəsinə könüllü qatılıb və Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

 

Şəhidin anası Nazimə xanım deyir ki, Xəyal onu nə qədər çox istəsə də, Vətən uğrunda canından keçməyi seçib: “27 sentyabr müharibə başlayan gün o məni təbrik elədi, dedim nəsə olub, dedi çox böyük bir şey olub ana. Bu səfər hökmən alınacaq. Mənə bacısını, qardaşını tapşırdı, özündən muğayat ol dedi. Özünü qoru dedi. Mən də ona sən də özünü qoru dedim”.

 

Azərbaycan Vətən müharibəsi veteranlar birliyinin Yasamal şöbəsinin sədri Salman Hüseynov deyir ki, Xəyal şəhidliyin möcüzəsini göstərdi: Müharibədən 3 il əvvəl cavan uşaqlar idilər, zarafatlaşırdılar mən də baxırdım. Biri dedi bu saat səni öldürərəm. Xəyalın üzü dəyişdi, dedi sən məni öldürə bilməzsən. Döş cibindən ürəyinin üstündən böyük bir Azərbaycan bayrağı çıxartdı və dedi mən buna görə öləcəm”.

 

Açılış mərasimində şagirdlər şəhidin xatirəsinə həsr olunmuş şerlər söyləyiblər.

 

Xəyal Balakişiyev 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə  şəhid olub. Ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur Döyüşcü” medalları ilə təltif olunub.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv