Orta məktəblərdə əyani tədris bərpa olundu - REPORTAJ

Bu gündən Azərbaycanın ümumi təhsil müəssisələrində əyani tədris bərpa olundu.

 

APA TV-nin xəbərinə görə, virus təhlükəsi səbəbi ilə aylardır sevimli məktəblərindən, müəllimlərindən və sinif yoldaşlarından ayrı qalan şagirdlər bu gün dərsə başladılar.

 

Şagirdlərin temperaturu ölçüldükdən və əlləri dezinfeksiya edildikdən sonra onlar sinif otaqlarına daxil oldular.

 

Bu gün onlar üçün həm sevincli, həm də həyəcanlı gündür. Çünki uzun müddət idi ki, məsafədən təhsil alan ibtidai sinif şagirdləri bu gündən etibarən dərsə başladılar. Təbii ki, pandemiya qaydaları çərçivəsində, maskadan istifadə edərək və sosial məsafəni saxlayaraq.

 

Pandemiya təhlükəsinə görə siniflər 2 qrupa bölünüb, şagirdlər isə partalarda tək-tək əyləşiblər:

 

- Çox sevinirəm ki, biz artıq məktəbimizdə canlı-canlı dərslərimizi keçirik. Dostlarımla, müəllimlərimlə görüşdüyümə görə sevinirəm. Amma təəssüf edirəm ki, yanımdakı parta yoldaşım qruplara bölündüyümüz üçün yoxdur.

 

- Bu gün məktəbimizdə ilk günümüzdür. Dostlarımla görüşdüyümə görə çox xoşbəxtəm. Onlayn dərslərdə də görüşürdük, amma belə görüşmək daha maraqlıdır. Gigiyena qaydalarına da əməl etməliyik ki, virus yayılmasın.

 

- Məktəb üçün çox darıxmışdım. Onlayn görüşsək də, müəllimlərimlə, sinif yoldaşlarımla belə görüşmək daha xoşdur.

 

Məktəblərdə şagirdlərin virusdan qorunması üçün lazımi ehtiyat tədbirləri görülüb. Şagirdlərin sosial məsafəni qoruması üçün yerlərdə işarələr qoyulub, COVID-19 tullantılarının atılması üçün konteynerlər yerləşdirilib. Bakı şəhəri üzrə təhsil idarəsinin sektor müdiri   Bəşarət Məmmədov deyir ki, müəllim heyəti isə üz sipərlərindən istifadə edirlər: “Müəllimlər və məktəbin müvafiq əməkdaşları üçün üz sipərləri və dezinfeksiyaedici maddələrlə əvvəlcədən təmin olunub. İxtisaslaşmış qurumlar tərəfindən bütün məktəblərdə dezinfeksiya tədbirləri həyata keçirilib.  Siniflərdə şagirdlər yarımqruplara bölünür, şagirdlərin siniflərdə tək-tək əyləşməsi təmin edilir”

 

Məktəb direktoru Leyla Fətəliyeva deyir ki, əgər şagirdlərin sağlamlığı ilə bağlı şikayəti olarsa, onlar məktəbdəki izolyasiya otağına yerləşdiriləcək, uşağa həmin otaqda ilkin yardım göstəriləcək: “İbtidai siniflər bu gündən tədrisə cəlb olunurlar. Məktəbdə orta hesabla 200-ə yaxın şagird var. Pandemiya qaydalarına tam riayət edirik. İzolyasiya otağı var. Şagirdlərin hansındasa hərarət, öskürək olarsa, onu izolyasiya otağında təcrid edəcəyik. Düşünürəm ki, qaydalara riayət etməklə bəşəriyyəti bürüyən bu bəlaya qalib gələcəyik”.

 

Qeyd edək ki, bu gündən ibtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib. Bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə başlayıb.

 

FATMA ZAHİDQIZI

FAİQ HƏSƏNOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv