Övladına öz adının verilməsini vəsiyyət edən Vətən Müharibəsi Qəhrəmanı - REPORTAJ

Şəhid Şahin Allahyarov şəhidlik zirvəsinə yüksəlməzdən az öncə çəkdiyi videosu ilə bütün ölkənin diqqətini özünə cəlb etmişdi.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, həmin videoda o, valideynlərindən halallıq istəmiş, şəhid olacağı halda, doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi.

 

Anası Nərgiz xanımın sözlərinə görə, Şahin uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb və həmişə şəhid olacağını deyirmiş: “Çox mehriban və ağıllı uşaq olub. Vətənpərvər uşaq idi. Həmişə soruşurdu ki, anam, işğal altındakı torpaqlarımızı nə vaxt azad olunacaq. Birinci Qarabağ Müharibəsi zamanı özü heç anadan olmamışdı. Kinolardan, televizordan görürdü. Dərsdən evə gələndə deyirdi ki, ana, mən böyüyəndə hərbçi olacam. Mənim də xoşum gəlirdi. Uşaq vaxtı idmana da həvəsi var idi, karate üzrə yarışlarda medallar da qazanıb. Bir sözü var idi müharibə başlamamışdan qabaq – ana, mən şəhid olacam, başınızı uca tutun, mən həmişə sizin fəxriniz olacam”.

 

Bacısı Kübra Allahyarovanın sözlərinə görə, qardaşı özünü Vətənə qurban verməklə şəhidlik arzusuna çatıb: “O, mənə həmişə deyirdi ki, ikinci anamsan, ana əvəzisən. Hər dəfə deyirdi şəhid olacam. Şəhid olmağı çox istəyirdi. Deyirdim ki, qəhrəman ol gəl. O deyirdi, biz qardaşlar şəhid olmasaq, siz yaşamarsız. Arzusuna çatdı”.

 

Atası Hüseynbala Allahyarovun dediyinə görə, Şahin heç vaxt xidmət etdiyi yerlər barədə ailəsinə məlumat verməyib: “Siz inanırsız ki, biz ondan nə vaxt soruşsaq ki, hardasan, deyirdi ki, ata, mən hər yerdəyəm. Mən sizə deyə bilmərəm ki, hardayam. Axırıncı dəfə dedi ki, bir yer qalıb, oranı da alaq, sizə hər şeyi danışacam. Onu bilin ki, biz həmişə irəli gedirik”.

 

Qardaşı Fərid Allahyarov isə müharibə vaxtı bir neçə dəfə cəhd etsə də, Şahin müxtəlif bəhanələrlə görüşdən imtina edib: “Atam-anam mənim sirrimi bilməyib, həmişə qardaşım bilib. Həmişə deyirdi ki, qardaş, bir yüksəklik var, oranı da alaq, ondan sonra səni çağıracam, gəlib görərsən. Neçə dəfə biz kənddən yardım aparmışıq əsgərlərimiz üçün, bizi öz yanına qoymayıb. Deyib ki, aparın filan yerə, biz sizinlə fəxr edirik”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə baş gizir Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına və “Vətən uğrunda” medalına layiq görülüb.

 

Vəli Turan

Mais Allahverdiyev

 

Müəllif | Apa.Tv
Apa.tv