Oyuncaq “şpionluğu”: Onlar uşaqlara hansı təhlükələri yaradır?
Yəqin hər biriniz uzaqdan idarə olunan uşaq oyunları ilə rastlaşmısız. Həm işimizi, həm də uşaqlara nəzarəti asanlaşdırmaq üçün müraciət etdiyimiz bu tip robotlar sən demə təhlükə mənbəyi imiş. Belə ki, Android əməliyyat sisteminə əsaslanan interaktiv cihazda uşaqların təhlükəsizliyini riskə atan boşluqlar aşkarlanıb. Böyük rəngli ekran, mikrofon, video kamera ilə təchiz olunan bu "təkərli planşet" lərdə valideynlə əlaqə qurmaq üçün bütün şəxsi məlumatlar tələb olunur. İstifadə zamanı oyuncaq sizdən Wi-Fi şəbəkəsi seçməyi, valideynin mobil cihazı ilə bağlantı yaratmağı, uşağın adını və yaşını daxil etməyi istəyir. Hakerlər də məhz bu şəxsi məlumatları ələ keçirərək uşaqla əlaqə qura bilirlər. Maraqlıdır, valideynlər belə təhlükələrdən xəbərdardılarmı? Bəs kiberhücumlardan necə qoruna bilərik? İT eksperti Fərhat Mirəliyev bildirir ki, insanlar uyğunluq sertifikatı olmadan avadanlıq almamalıdır. “Çin malları ilə müqayisədə nəhəng şirkətlər öz satdıqları avadanlıqlara müəyyən müddət dəstək verirlər. Bu dəstək həmin avadanlıqların yenilənməsi ilə bağlı olur ki, proqram təminatında yaranan boşluqlar həmin istehsalçı tərəfindən yenilənmələr göndərilməklə sıfırlanmış olur və proses 3 il 5 il müddətində mütamaddi olaraq davam edir . Artıq istehsalçı yenilənməni dayandıranda istifadəçiyə tövsiyyə olunur ki, o məhsulu istifadə etməsin”. Bahalı məhsul keyfiyyətli anlamına gəlmədiyi kimi, ucuz məhsul da təhlükəsiz hesab edilməməlidir. Hər bir halda valideyn bu cür cihazların proqram yenilənmələrinə, xüsusilə övladı belə qadcetlə əlaqə qurarkən onu nəzarətdə saxlamağı göz ardı etməməlidir.
Sünbül Hüseynova, Nuray Qədirli, Tural Əliyev, APA TV