Özünü bilərəkdən avtomobilin qarşısına atanları hansı cəza gözləyir? - HÜQUQŞÜNASLARDAN ŞƏRH

Son günlər sosial şəbəkələrdə avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadınının videosu yayılıb.

 

APA TV-nin məlumatına görə, qadının hərəkətlərin cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kimi qadının bilərəkdən, kimisi isə onun bu hərəkəti qəsdən etmədiyini bildirir. Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyir ki, bu cür halların araşdırılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür:“Hər bir halda başına belə bir hadisə gəlmiş insanlar diqqətli olmalıdırlar. Burda açıq-aşkar görünür ki, yol-nəqliyyat hadisəsinin simuliyasiyası var. Hardasa özünün müəyyən maraqlarını təmin etmək məqsədilə özünü zərərçəkmiş şəxs kimi göstərərək həm polisi, həm sürücünü aldatmaya oxşayır. Birinci növbədə hüquq-mühafizə orqanları bu kimi hadisələri çox diqqətlə araşdırmalıdırlar. Araşdırma zamanı müəyyən detallar var. Həmin detallara xüsusi diqqət yetirilsə, aşkar etmək olar ki, bu simulyasiyadır, yoxsa real yol-nəqliyyat hadisəsidir”.

 

Bəs sürücülər belə hallarla qarşılaşanda nə etməlidir?

 

Ərşad Hüseynov deyir ki, ümumiyyətlə bu tipli hadisələrlə üzləşəndə, real yol-nəqliyyat hadisəsi ilə üzləşəndə belə maksimum dərəcədə soyuqqanlı olmağa çalışmaq lazımdır: “Yəni qəza həyatın sonu deyil. Yaxşı olar ki, belə hadisədən sonra əraziyə müvəkkil dəvət olunsun. Görəndə ki artıq burda aldatma, simulyasiya yaradıb nəyəsə nail olmağa  cəhdlər var, hüquq-mühafizə orqanları dəvət olunmalıdır”.

 

Hüquqşünas Şamil Paşayev isə bildirib ki, əgər bu kimi hallarda şəxs imitasiyaya yol verərsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Əgər şəxsin niyyəti xəsarət almış kimi özünü göstərməyi imitasiya etməklə pul almağa yönəlmişdirsə, bu Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 182-ci maddəsi ilə məsuliyyət daşıyır. Yəni hədə-qorxu ilə tələbetmə - yəni zərərçəkmiş şəxsin əmlaka olan hüquqlarını hədə-qorxu ilə tələbetməni ehtiva edir. Bu da gələcək də həmin şəxsdən pul tələb etməni göstərir”.

 

Əgər şəxsin məqsədi intihar olubsa, bu zaman o, cinayət məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilə bilər: “Əgər şəxsin niyyəti və məqsədi digər bir şəxsdən əmlak xarakterli pul almaq, hədə-qorxu gəlmək niyyəti olmayıbsa, intihara cəhd kimi özünü maşının altına atmaq istəyibsə və istintaq bunu sübut edərsə, bu zaman 125-ci maddə ilə cinayət işi başlanılmalıdır”.

 

Qeyd edək ki, material hazırlanarkən Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun “Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb. Görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib. 

 

O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.

 

Hazırda Abşeron RPİ Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv