13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Özünü qazi kimi təqdim edən şəxs jurnalistlərə hücum etdi

Şər vaxtı paytaxtın Yasamal rayonunda - Metronun 20 yanvar stansiyasının yaxınlığında 10 – FY - 466 dövlət nişanlı avtomobilin sürücüsü yüksək sürətlə evakuatora çırpılıb. Qəza nəticəsində minik maşını deformasiyaya uğrayıb. Əraziyə Yol Patrul Ximdətinin əməkdaşları cəlb edilib. İctimai televiziya ilə birgə çəkiliş apardığımız vaxt avtomobilin sahibi olmayan və özünü qazi kimi təqdim edən şəxs əvvəlcə çəkiliş apardığımız kameraya hücum edir. Daha sonra isə... Digər şəxslər də onlara qoşulub hadisə yerində olan əməkdaşlarımıza əl-qol ataraq xəsarət yetirirlər. Dəstə halında peyda olan bu naməlum adamlar ətrafdan keçən insanlarda da ciddi narahatlıq yaradırlar. Çəkiliş avadanlıqlarına zərər yetirirlər. Bu azmış kimi özünü qazi kimi təqdim edən, dostları arasında “Makedon” kimi tanınan həmin şəxs nalayiq ifadələrlə əməkdaşlarımızı təhqir etməkdən də çəkinmir. Bütün bu hadisələr isə Bakı Şəhər Baş Dövlət Yol Polisinin Yol Patrul Xidmətinin iki inspektorunun gözləri önündə baş verir. Hadisə yerində onu da öyrəndik ki, özünü qazi kimi təqdim edən, küçədə jurnalistlərə hücum çəkib, söyüb təhqir edən şəxsin baş vermiş qəza ilə bağlı heç bir bağlılığı yoxdur. Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə yayılan görüntülərdə özünü qazi kimi təqdim edən şəxslərin özbaşına hərəkətlərinin şahidi oluruq. Əsl qazilər belə hərəkətlərə yol vermirlər. Biz onları yaxşı tanıyırıq. Çünki əsl qazilər bizim həmkarlarımızın arasında da var. Onlar vətən borclarını yerinə yetirdiyini əsas gətirib heç bir yerdə narahatlıq doğuran hərəkətlərə yol vermirlər. Biz mətbuat işçiləri müntəzəm olaraq qazi qardaşlarımızla müsahibələr edirik, xatirələrini bölüşürük. Onların problemlərini işıqlandırırıq və həll olunmasına çalışırıq. Qazi adından istifadə edib qarışıqlıq salan, ictimai asayişi pozan vətəndaşlar isə qazi adına xələl gətirirlər. Xatırladaq ki, bu cür əməllərə yol verən şəxslər - jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, zor tətbiq etməklə və hədə yolu ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etməyə görə cinayət məcəlləsinin 163-cü maddəsiylə məsuliyyət daşıyırlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın