Palçıq vulkanları yerləşən əraziyə yeni avtomobil yolu çəkilir

Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA TV-yə verilən xəbərə görə, palçıq vulkanları yerləşən ərazinin turizm potensialı nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən xüsusi turizm konsepsiyası hazırlanıb və Agentlik bu layihənin icrasında üzərinə düşən vəzifəsini yerinə yetirməyə başlayıb.

 

Belə ki, layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.

 

Agentliyin şöbə rəisi Anar Nəcəfli deyir ki, görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib: “Paytaxtdan cəmi 20-25 kilometr aralıda “Arbani” adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib”.

 

Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv