Pandemiya dövrünün ikinci Ramazan ayı: necə qidalanmalı? - HƏKİM MƏSLƏHƏTİ

Ramazan ayı artıq gəlib çatdı. Artıq ikinci ildir Ramazanı hər il öyrəşdiyimiz qaydada deyil, pandemiya ilə qarşılayırıq. Virusla mübarizə etdiyimiz bir dövrdə həm oruc tutmalı, həm də immunitetimizi qorumalıyıq.

 

APA TV xəbər verir ki, bunu balanslaşdırmağın yolu isə sağlam qidalanmaqdan keçir. Bəs imsak və iftarda hansı qidalara daha çox yer verməliyik ki, xəstələnməyək?

 

Həkim-dietoloq Şəfa Yadigarova deyir ki, imsakda zülallı qidalara yer verilməlidir: “Yumurta qızartma formada deyil, soyutma şəklində olmalıdır. Yulaflı bişmələr, yulaflı sıyıqlar ola bilər. Çalışmaq lazımdır ki, imsakda unlu yeməklərdən, şirniyyatlardan uzaq duraq. Çünki müəyyən saat keçdikdən sonra bədəndə şəkər düşür və saat 12-yə qədər insanda aclıq hissi yaranır. İftarda isə 2 porsiya zülallı yemək olmalıdır. Burada ola bilər balıq, toyuq, hind quşu əti... Can əti ağır həzm olunduğuna görə, saydığımız ətlərdən daha çox istifadə olunmalıdır”.

 

Şəfa Yadigarova deyir ki, bəzən insanlar imsakdan imtina edirlər və gün ərzində bir dəfə qidalanırlar. Bu isə orqanizmdə ciddi fəsadlar yarada bilər: “Bir çox insanlar, əsasən də çəki atmaq istəyənlər imsakdan imtina edirlər. Gün ərzində bir dəfə qidalanırlar. Suyun qəbuluna fikir vermirlər, hansı qidaları qəbul etməlidirlər, ona fikir vermirlər. İmsakda yemək çox önəmlidir. İmsakda yemək yemədikdə, 16 saat aclıqdan sonra iftarda qəbul edilən qidalar orqanizmi daha çox yükləyir. Əgər insan gün ərzində bir dəfə, təkcə iftarda qidalanırsa, bu zaman orqanizmin metabolizması yavaşlayır”.

 

Qastroenteroloq-hepatoloq Fərrux Nağıyevin sözlərinə görə, şəkərli diabet, təzyiq xəstəliklərindən əziyyət çəkən insanlarda orucluğun ilk həftələrində baş ağrıları, ürəkbulanma kimi hallar yaran bilər:  “Şəkərli diabet, təzyiq xəstələrində reflüks, yəni qidanın mədədən qida borusuna qayıtması, baş ağrıları kimi hallar yaranır. İlk növbədə şəkərli diabeti olan xəstələrin oruc tutmaları tövsiyə olunmur. Öd reflüksü olan xəstələrdə isə uzun müddət ac qalanda durğunluq yaranır, ödün mədəyə qayıtması prosesi daha da şiddətlənə bilər. Əgər belə hallar başa verirsə,  bu o deməkdir ki, orqanizm 12 saatlıq aclığa tab gətirmir. Bu zaman mütləq şəkildə orucu saxlamaq lazımdır”.

 

Koronovirusa yoluxmuş şəxslər isə həkim məsləhəti aldıqdan sonra oruc tuta bilərlər: “Əgər koronovirus ağciyərə ciddi ziyan vurmayıbsa, ağ ciyər çatışmazlığı yoxdursa, ilk növbədə ağciyər həkimi ilə məsləhətləşdikdən sonra koronovirus keçirmiş şəxslər oruc tuta bilərlər. Koronovirus keçirmiş şəxslərdə təngnəfəslik, baş gicəllənməsi halları müşahidə olunmursa onlar oruc tuta bilərlər”.

 

Bu il Ramazan ayında iftar mərasimlərinin keçirilməsi də qadağandır. İftar süfrəsi ancaq ailədə təşkil olunmalıdır. Məscidlərdə də kütləvi şəkildə toplaşaraq bayram namazlarının qılınması nəzərdə tutulmur.

 

Fatma Zahidqızı,

Əli  Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv