Pandemiya səbəbindən toyu təxirə salındı, bəylik kostyumu asılqanda qaldı - REPORTAJ

Nə valideynlərini düşündü, nə də 15 aydır nişanlı olduğu xanımı. Öncə Vətəni, sonra isə ailəsini qorumaq üçün düşmənlə döyüşə getdi. “Vətən mən oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” düşüncəsi ilə ömrünün 25-ci baharında Vətən Müharibəsinə yollandı.

 

Sentyabrın 21-də təlimlərdə iştirak etmək üçün hərbi xidmətə çağırılan Ağdaş rayonunun Ağcayazı kənd sakini Ramil Səlimzadə müqəddəs savaşda Füzuli, Cəbrayıl, Zəngilan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdi. Oktyabrın 14-də isə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

 

Şəhidin anası Gülər Səlimova deyir ki, oğlu ilə telefonda danışarkən ağlamamağa çalışırmış: “Telefonda danışanda məni ağlamaq tuturdu. Özümü saxlayırdım, ağlamırdım. O telefonu söndürəndən sonra ağlayırdım. Uşaqlar soruşurdular, nə olub? Deyirdim səsində qəriblik var. Bilirəm, olan şeydir, döyüşdədir. Gör, neçə yoldaşı yanında yaralanır, şəhid olur”.

 

Anası Gülər Səlimova oğlu Vətən və torpaq uğrunda şəhid olması ilə qürur duyduğunu və bu səbəbdən heç vaxt ağlamayacağını bildirir: “Hökm elədim ki, məni aparın balamın yanına. Onu görəcəm. Dedilər, ağlayacaqsan, dedim ağlamayacam və ağlamadım da. Hətta insanlara dedim ki, niyə ağlayırsınız? Nə var ki, burada? Mənim balam şəhid olub”.


Şəhidin atası Raqif Səlimovun sözlərinə görə, Ramil Səlimzadə cəmi 15 ay əvvəl sevdiyi qızla nişanlanmış, nikahı da kəsilmişdi. Gəlinin  cehizləri alınmış, bəy otağı bəzənmişdi. Pandemiya səbəbindən bir neçə dəfə toyunun vaxtı da dəyişdirilmişdi. Ramil özü üçün bəylik kostyumu da almışdı: “Şəhid olan günü zəng eləmişdi mənə. Həmişə də zəng edəndə soruşurdu ki, kəndimizə şəhid gəlməyib? Deyirdim, yox. Deyirdi, təki gəlməsin. Elə mənimlə danışandan iki saat sonra şəhid olub. Yoldaşları zəng vurub deyəndən sonra bilmişəm, komandirini səsləyib ki, komandir, əyil, qəlpə gəlir. Komandir eşitməyib, özünü atıb onun üstünə. Onu xilas edib, özü şəhid olub”.


Qeyd edək ki, Ramil Səlimzadə 44 günlük Vətən Müharibəsi zamanı şəhid olan 27 Ağdaş sakinindən biridir.


Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv