Parlament seçkiləri prosedurlara uyğun baş tutub

“Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri müvafiq prosedurlara uyğun baş tutub”.

 

APA TV-nin məlumatına görə, bunu mətbuat konfransında növbədənkənar parlament seçkilərini izləyən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans deyib.

 

Digər britaniyalı müşahidəçi Blakman Robert isə qeyd edib ki, onlar komanda şəklində müxtəlif seçki məntəqələrində müşahidələr aparıblar: “Mən özüm şəxsən 7 məntəqədə seçkini müşahidə etdim. Seçicilərin sayının lövhədə əks olunması yaxşı hal idi. Belə olduqda müşahidəçilər rəqəmlərin müqayisəsini apara bilirdi”.

 

"London Post" qəzetinin baş direktoru Şahid Qureyşi deyib ki, müstəqil namizədlərin sayının çox olması yüksək təəssürat yaradıb: “Texnoloji yeniliklər vardı. Məsələn, şəxsiyyət vəsiqəsini yoxlamaq üçün aparatı qeyd etməliyəm. Pozuntular üçün şərait yox idi. Çünki yerli müşahidəçilər vəziyyəti diqqətlə izləyirdilər”.

 

Diplomatiya üzrə ekspert Nəbi Ayad isə apardığı müşahidələrin onda böyük təəssürat yaratdığını vurğulayıb: “Seçki günü heç bir pozuntunun şahidi olmadım, seçkilər qaydalara uyğun keçirildi”.

 

Britaniyalı müşahidəçi Berri Tomlin müşahidəçilər arasında qadınların da yer almasının əla nümunə olduğunu bildirib: “Bu, müsbət nümunədir və dünyada geniş tətbiq olunmalıdır. 800-dən artıq beynəlxalq müşahidəçinin dəvət olunması hökumətin seçkilərə nə dərəcədə diqqətli və məsuliyyətli yanaşdığını göstərir”.

 

Conatan Frayer isə seçki bülletenlərində deputatlığa namizədlərinin adlarının qarşısında onların fəaliyyəti barədə məlumatların əks olunmasını müsbət qiymətləndirərək ölkəsinin bu təcrübədən yararlana biləcəyini qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv