Parlament seçkiləri üçün seçki bülletenlərinin çapına başlandı
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və komissiya üzvləri Milli Məclisin mətbəəsində çap prosesi ilə tanış olublar.
MSK sədri Məzahir Pənahov seçicilərin konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etməsi üçün mühüm əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, həmçinin aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib.
125 dairə üzrə ümumilikdə 5 milyon 387 min 600 bülletenin çap olunacağını deyən Məzahir Pənahov jurnalistlərə seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin son hazırlıq işləri barədə də məlumat verib: “Biz plan üzrə fəaliyyətimizi davam etdiririk. Əgər hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, həmin namizədin adını bülletendən çıxaracağıq. Alınmasa, artıq bu yerlərdə Seçki Məcəlləsinin tələbinə görə namizədin adının üstündən xətt çəkiləcək”.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutacaq. Seçki bülletenlərinin çap prosesinin mühafizəsi isə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Mir Çingiz Ağazadə
Vətən Sadatlı
APA TV