Partlamamış hərbi sursatların olması riski altında biçin davam edir

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün keçirilən hərbi əməliyyatlar dövrü payızlıq əkin dövrü ilə üst-üstə düşdüyünə görə keçmiş təmas xətti boyunca yerləşən rayonlarda əkin prosesi ləngiyib.

APA TV xəbər verir ki, əməliyyatlar başa çatdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin operativ müdaxiləsi nəticəsində təmas xəttinə yaxın ərazilərdə, o cümlədən Tərtər rayonunda payızlıq əkinin həyata keçirilməsi təmin edilib.

Əkinin obyektiv səbəblərdən gecikməsi məhsuldarlıq üçün müəyyən risklər yaratsa da, aqrotexniki qulluq tədbirlərinin vaxtında aparılması məhsuldarlıqla bağlı riskləri aradan qaldırıb.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, artıq Tərtər rayonunda arpa biçini tam şəkildə yekunlaşmaq üzrədir: “Arpa üzrə orta məhsuldarlıq hazırda 37,9 sentner təşkil edir ki, bu da ümumrespublika göstəricisindən kifayət qədər yüksəkdir. Keçmiş təmas xəttinə yaxın ərazilərdə istər sahələrdə partlamamış hərbi sursatın olması riski, istərsə əkinin gecikməsi riski nəzərə alınsa, mövsüm sonunda bu qədər yüksək olması sevindiricidir. Fermerlərin çəkdiyi əziyyət yerdə qalmayıb. Hazırda rayonda buğda biçini aparılır. Biçin prosesi mütəşəkkil təşkil olunub, rayonun kombayna tələbatı əvvəlcədən müəyyənləşib, növbəli biçin sxemi hazırlanıb, hazırda biçin getməyən ərazilərdən aktiv biçin zonasına əlavə kombaynlar dislokasiya olunub. Tərtər rayonunda biçinin yaxın günlərdə tam şəkildə başa çatacağı gözlənilir”. 

Hazırda respublikada taxıl biçini davam edir.

İyunun 24-nə olan operativ məlumata görə, artıq 578 250 hektar sahədə biçin başa çatıb. Sahələrdən 1 832 176 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sentner təşkil edir.

Bugünədək 321 086 ha sahədə arpa, 257 164 ha sahədə buğda biçini aparılıb. Sahələrdən 993 115 ton arpa, 839 061 ton buğda yığılıb. Biçin prosesində 1720 kombayn iştirak edir. Bunlardan 977 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olanlardır. Biçin zonasında “Aqroservis” ASC-nin rayon bölmələrində olan 495 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktiv biçin gedən rayonlara digər bölgələrdən 248 kombayn dislokasiya edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv