Paşinyan hakimiyyəti sərhəddəki təxribatlardan sonra laxlayır - APA TV
Ermənistan Ordusunun Azərbaycan-Ermənistan sərhədindəki təxribatından sonra “Hayastan” blokunda təmsil olunan daşnak fraksiyasının lideri İşxan Sağatelyan müxalifəti və siyasi fəalları parlament önünə toplaşmağı çağırıb.
APA TV yerli mediaya istinadən xəbər verir ki, parlament binasının önünə toplaşan daşnaklar Paşinyanın istefasını tələb ediblər. Parlament binası polislər tərəfindən mühasirəyə alınıb, binaya giriş və seçicilərin deputatlarla görüşləri məhdudlaşdırılıb. Qeyd olunub ki, dünən axşam saatlarından parlament binasının qarşısına toplaşan etirazçılar üçün su və yemək ehtiyatı görülür. İştirakçıların erməni mediasına verdiyi məlumata görə, aksiyanın uzunmüddətli olacağı gözlənilir.
Erməni müxalif siyasi fəal və Konstitusiya Məhkəməsinin keçmiş sədri Edqar Qazaryan deputatları xalqın tələblərinə uyğun olmayan mövqe bildirməkdə ittiham edib. Hətta aksiya iştirakçıları Ermənistanın keçmiş prezidentlərinə müraciət edərək onları yanlarında durmağa, Sağatelyanın çağırışına qulaq asmağa çağırıb.
Aksiya hazırda da davam etməkdədir.