Paşinyanın səsləndirdiyi iddialara rəsmi Bakıdan cavab – APA TV
“Noyabrın 10-da Ermənistan Baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Qeyd olunub ki, rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edir. Bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur.
Bəyanatda o da vurğulanıb ki, Ermənistan tərəfi Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib və bununla da bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib.
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.
Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcək.