Paşinyanla “1 Aprel zarafatı”nın PƏRDƏARXASI: İrəvanda terror gözlənilir – APA TV

rmənistanla Rusiya arasındakı diplomatik gərginlik davam etməkdədir. Üstəlik, zarafat, gülüş və ya səfehlər günü kimi qəbul edilən aprelin 1-də Ermənistan Baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı xəbər dərc edildi. Nə qədər zarafat kimi səslənsə də, bir çox siyasilər bunun reallaşacağını düşünürlər. Bildirirlər ki, Ermənistanda artan gərginliyin fonunda Paşinyan hakimiyyətini qorumaq üçün seçkilərə gedə bilər. İrəvanda hökumət üzvlərinə, hakim partiya nümayəndələrinə qarşı terror təhlükəsi də artmaqdadır. Təkcə mart ayında bir neçə silahlı insident yaşanıb. Belə ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Bundan başqa, hakim “Vətəndaş müqaviləsi” partiyasının sədrinin müavinləri – Qaqik Melkonyan və Qurqen Arsenyan da daxil olmaqla adıçəkilən partiyanın digər üzvlərinə qarşı terror cəhdi qeydə alınıb. Siyasi elitada nüfuzunu itirən Moskva mərkəzli güclərin Paşinyana nifrəti ortalıqdadır. İddialara görə, baş verən terror aktları da məhz bunun sübutudur. Ermənistanda əsas siyasi mərkəzlərdən biri də kilsədir. Belə ki, Kremlin pravoslav dəstəyini alan qriqoryanlar Paşinyan hakimiyyətinə qarşı çıxışlar etməkdədirlər. Onlar təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırırlar. Bu həm də onu deməyə əsas verir ki, Rusiyaya sadiq qüvvələr, eləcə də, revanşistlər bu gün Paşinyana nifrət edir. Qafqazda, Avropada, Türkiyədə, Rusiyada terrorlar törədən ermənilər, görünür, öz ölkələrində, öz soydaşlarına qarşı eyni aktları tətbiq etməkdən çəkinmirlər. Hər halda onların belə təcrübəsi var. Fakt kimi 1988-ci ildə daşnak killerlərin Sumqayıtda erməniləri qətlə yetirməsini göstərmək olar. Bunun üstündən 11 il sonra, 1999-cu ildə Ermənistan parlamentindəki terrakt da bunu isbatlayır. Hücum zamanı Ermənistan parlamentinin sədri, müavinlər, baş nazir qətlə yetirildi. Hakim dairəyə yaxın mənbənin erməni mediasına bildirdiyi məlumatına görə, Paşinyan özünün və ailə üzvlərinin mühafizəsini ən yüksək səviyyədə təşkilini tapşırıb. Üstəlik bunun üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxından təmaslar qurub. Bir çox siyasilər Kremlin sülh danışıqlarına da əngəl olduğunu iddia edirlər. Məsələn, deputat Qaqik Melkonyan müsahibəsində Azərbaycan və Ermənistan cəmiyyətlərinin müharibə istəmədiyini deyib və əlavə edib ki, bölgədə müharibənin davam etməsini istəyən tək güc Rusiyadır. Bu fikirlər həm də Ermənistan siyasi elitasının Rusiyaya qarşı mövqeyinin daha da şiddətləndiyinin göstəricisidir. Rusiya mediasında isə anti-Paşinyan mövqelər güclənməkdədir. Hakimiyyətə yaxınlığı ilə seçilən politoloqlardan biri Boqdan Bezpalko açıqlamasında bildirib ki, Paşinyan rəsmən KTMT-dən çıxa və NATO ilə yeni tərəfdaşlıq proqramlarına daxil olmağa hazırlaşır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müsahibəsində Ermənistanın əsas tərəfdaşlarının ABŞ və Avropa olduğunu söyləməsi, Rusiyanın “Mir” kartlarının istifadəsinin bloklanması, KTMT Parlament Assambleyasının “Crocus City Hall”da törədilən terror aktını pisləyən bəyanatına Ermənistanın qoşulmaması, və digər addımlar sözsüz ki, İrəvanın Qərbin daha çox “rəğbətini” qazanmağa və bunu siyasi dividendə çevirməyə çalışmasından xəbər verir. Paşinyan üçün digər təhlükə isə Qarabağdan Ermənistana qayıdan Kreml dəstəkli qondarma “Arsax hökuməti”dir ki, Baş nazirin onlarla bağlı qərarında qətilik sezilməkdədir. Belə ki, hakimiyyət onları özlərinə təhdid kimi dəyərləndirir.

Müəllif | Apa.Tv
Apa.tv