Paytaxt məktəblərinin payız-qış mövsümünə hazırdırmı? - APA TV
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı mediatur təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov bildirib ki, Məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülür.
Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlər aşkar olunub. Həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparılır və digərlərində hazırda müvafiq tədbirlər davam etdirilir. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlər aşkarlanıb.
Bakı Şəhər Üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə APA TV-yə bildirib ki, ümum təhsil müəssisələrində qarşıdakı mövsümdə istiliklə bağlı ciddi problem yaranmayacaq: “Məktəblərdə payız qış mövsümünə hazırlıqla əlaqədar qapı və pəncərələrin yoxlanılması, yəni istiliyin məktəb daxilində saxlanılması ilə bağlı tədbirlərin görülməsi, yanğın təhlükəsizliyinə qarşı tədbirlərin həyata keçirilməsi və digər bu kimi məsələlər də diqqətdə saxlanılmışdır. Bir məsələni də qeyd edək ki, məktəblərdə istilik təminatının normal olması təbii ki, bir başa tədrisin gedişinə daha səmərəli və keyfiyyətli tədris mühitinin təmin olunmasına xidmət edir. İnanırıq ki, bu payız qış mövsümü məktəblərin istilik təminatı baxımından daha yüksək hazırlıq səviyyəsi ilə fərqlənəcək”.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 131-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 184-ü fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.