Paytaxt polisi hesabat verdi - ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLİB

Yanvarın 17-də Bakı Şəhər Baş Polis İdarəsində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə 2019-cu ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

 

APA TV-nin xəbərinə görə, müşavirəni giriş sözü ilə açan nazir Vilayət Eyvazov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü hüquq-mühafizə siyasəti, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən davamlı inkişafın ümumən daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsirini vurğulayıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov məruzəsində bildirib ki, ötən il paytaxtda ümumilikdə 11 176 cinayət qeydə alınıb. Onların 88,6 faizi az ağır, 11,4 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, ağır və xüsusilə ağır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.

 

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyətini qeyd edən Baş İdarə rəisi “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisənin aşkarlandığını, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayətin açıldığını bildirib.

 

İl ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinayətkar qrupun ifşa olunduğunu nəzərə çatdıran M.Seyidov narkotiklərlə bağlı aşkar olunan 1.244 fakt üzrə  372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını,  istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.

 

Məruzə ətrafında çıxış edən Bakı şəhər BPİ-nin aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələrlə yanaşı,  xidməti fəaliyyətdə yol verilən bəzi nöqsan və çatışmazlıqlara da toxunaraq, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər barədə  məlumat veriblər.

 

Müşavirəyə yekun vuran Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

Müəllif | Apa.Tv
Apa.tv