Paytaxta 115 ədəd yeni avtobus gətiriləcək – NÖVBƏTİ HƏDƏF ELEKTRİK MÜHƏRRİKLİ AVTOBUSLARDIR

Paytaxta 115 ədəd yeni avtobuslar gətiriləcək. Onlardan 80-i 12 metrlik, 35-i isə 9 metrlikdir. İlkin olaraq 12 metrlik avtobusların gətirilməsinə başlanılacaq. Prosesin noyabrın sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Bir məsələni də qeyd edim ki, bununla da paytaxtda fəaliyyət göstərən “BakuBus” avtobuslarının sayı 718-ə çatmış olacaq.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir: “Ötən dövr ərzində təxminən 603 avtobus cənab prezidentin tapşırığına əsasən alınıb, gətirilərək sərnişinlərin istifadəsinə verilib. Bu işlərin davamı olaraq Türkiyənin istehsalı olan 115 ədəd avtobusun alınması işlərinə başlanılıb. Artıq BNA-nın nümayəndə heyəti bu məqsədlə Türkiyənin İzmir şəhərindəki istehsalçı şirkətdə olub və əldə olunmuş razılığa əsasən sentyabrın əvvəllərindən noyabr ayının sonunadək 115 ədəd avtobusların Bakıya çatdırılması işləri tam olaraq yekunlaşacaq”.

 

Mətbuat katibi deyir ki, sıxılmış təbii qaz mühərrikli (CNG) avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək. Bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir: “Bu nəqliyyat vasitələrinin əsas üstünlüklərindən biri onların ekoloji baxımdan təmiz olmasıdır. Çünki onlar sıxılmış təbii qaz mühərriklidir. Bundan sonrakı mərhələlərdə də gətiriləcək avtobuslar məhz sıxılmış təbii qaz mühərrikli olacaq. Eyni zamanda şəhərimizə elektrik mühərrikli avtobusların gətirilməsi istiqamətində də işlər aparırıq”.

 

Hazırda elektrik mühərrikli avtobusların gətirilməsi ilə əlaqədar həm Türkiyənin BMC, həm də Almaniyanın MAN şirkətləri ilə danışıqlar aparılır.

 

Yeni gətiriləcək 115 ədəd avtobus paytaxtın marşrut şəbəkəsi simasını daha da dəyişmiş olacaq. Həmin nəqliyyat vasitələrinin gətirilməsi xüsusilə ətraf kənd və qəsəbələr istiqamətində, sərnişinlərin daha çox narazı qaldığı xətlərin dəyişdirilməsinə imkan verəcək.

 

Yol infrastrukturu 12 metrlik avtobusların hərəkətinə uyğun olmayan küçə və qəsəbələr istiqamətində 9 metrlik avtobusların istismara verilməsi planlaşdırılır.

 

Elvin Paşazadə,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv