Paytaxta maşının yük yerində və evakuatorun salonunda gələn şəxslər tutuldu
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilsə də bəzi şəxslər tələbləri pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu kimi neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, Samit Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində həmin sürücüyə məxsus “VAZ 21074” markalı avtomobili özünün idarə etdiyi evakuatorun yük yerində, razılığa gəldiyi sürücünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.
Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, Tufan Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Əflatun Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb.
Lakin Tufan Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.