Paytaxtda 5 kiloqram tiryəki 22 000-ə satan şəxs yaxalandı – HADİSƏ ANI

Bakıda dəyəri 22000 manatdan çox olan 5 kiloqramdan artıq tiryək satmaq istəyən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini Pərviz Qurbanov ümumi çəkisi 73,042 qram olan tiryəki satarkən tutulub.

 

O, saxlanılan zaman polis əməkdaşlarına müqavimət  göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.

 

Əməliyyat tədbirlərinin davamı olaraq Pərviz Qurbanovun idarə etdiyi “Jeep” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən əlavə olaraq 5 kiloqram 46,085 qram tiryək aşkar edilərək götürülüb. Pərviz Qurbanov narkotik vasitəni bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. Qeyd edək ki, saxlanılan şəxs tiryəkin hər kiloqramını “qara bazarda” 4500 manata satmaq istəyib.

 

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv