Paytaxtda apteklərdən oğurluq edən şəxs yaxalandı – UŞAQ YEMƏKLƏRİ OĞURLAYIRMIŞ
Paytaxtda apteklərdən oğurluq və soyğunçuluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Xətai rayonlarında yerləşən apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur tutulub.
Saxlanılan şəxs məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəsin onun evində azyaşlı uşağının ac olmasına görə bu addımı atdığını düşünəcək. Amma özünə məxsus mopedlə paytaxt küçələrində dolaşaraq oğurluq edən Gündüz Əsədpurun subay olduğu məlum olub. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulla öz istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.
Qeyd edək ki, saxlanılan şəxs şübhəNi yayındırmaq üçün müxtəlif vaxtlarda mopedin konstruksiyasına dəyişikliklər etməklə, rəngləyib. Onun barəsində cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.