Paytaxtda və bölgələrdə yeni "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayacaq

"Bu il Ağcabədi, Balakən və Bakıda yeni "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulub".

 

APA TV-nin məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib: "Bu yaxınlarda Ağcabədi və Balakən, ilin ikinci yarısında isə Bakıdakı mərkəzlərin fəaliyyətə başlaması nəzərdə tutulub. Salyan, Lənkəran, Sumqayıt və Gəncədə də "ASAN xidmət" mərkəzlərinin tikintisi ilə bağlı dövlət başçısının tapşırığı var. Gələn il həmin mərkəzlərin fəaliyyətə başlaması gözlənilir. Dövlət başçısı eyni zamanda Naxçıvanda da "ASAN xidmət" mərkəzinin açılması ilə bağlı tapşırıq verib. Bununla bağlı işlər gedir. Yəqin ki, həmin mərkəz də gələn il fəaliyyətə başlayar".

 

Ülvi Mehdiyev həmçinin qeyd edib ki, hazırda Orta Asiya ölkələrindən "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı daha çox maraqlanırlar. Onun sözlərinə görə, xüsusilə də Tacikistan və Qırğızıstanla işlər görülür. “Yəqin ki, yaxın vaxtlarda bütün detallar müəyyən edildikdən sonra sazişlər imzalanacaq. Hazırda 11 ölkədə ciddi işlər aparılır. Bu ölkələr Monteneqro, Mərakeş, Uqanda, Türkiyə, Özbəkistan, Əfqanıstan, İndoneziya və başqalarıdır. "ASAN xidmət"in İşçi qrupu hər bir ölkə ilə çalışır” deyə Ülvi Mehdiyev vurğulayıb.

 

Mir Çingiz Ağazadə

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv
Apa.tv