Paytaxtda “Whatsapp” vasitəsilə narkotik satanlar yaxalandı

Paytaxtda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulub. Onların kirayədə qaldıqları evdən 959 qram tiryək, 14,712 qram heroin, 34 qram marixuana, 1,696 qram metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri “Rais” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satmaq üçün aldıqları məlum olub. Onlar İran vətəndaşı ilə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar.

 

Saxlanılan şəxslər narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində yerləşdirdikdən sonra “Whatsapp” vasitəsilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sifariş verən şəxslər pulları müxtəlif yollarla Elnur və Rüfətə çatdırandan sonra onlar əldə etdikləri maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.

 

Keçirilən növbəti əməliyyat nəticəsində narkotik satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş paytaxt sakini Elman Əliyev də saxlanılıb.

 

Onun üzərindən 20.632 qram, evindən isə 5 kiloqram 35 qram heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv