Paytaxtın 150-dən artıq əsas küçəsi dezinfeksiya edildi
Paytaxtda əlavə gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir.
APA TV-nin məlumatına görə, koronovirus pandemiyasına qarşı görülən tibbi-profilaktik tədbirlərlə yanaşı bu gündən etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb.
İşlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan başlayaraq aparılır.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı öz təşəbbüsləri ilə paytaxtın dezinfeksiya işlərinə də qoşulub və bu prosesi həyata keçirmək üçün 8 ədəd avtonəqliyyat vasitəsi ayırıblar.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin də 3 ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib.
Eyni zamanda paytaxtın kommunal xidmətlərinin iki mindən çox əməkdaşı dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparıblar.
Həmçinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında gün ərzində 2 dəfə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Qeyd edək ki, paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV