Paytaxtın 200-dən çox əsas küçə və prospekti dezinfeksiya edilib

Paytaxtda əlavə gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir.

 

APA TV-nin məlumatına görə, koronovirus pandemiyasına qarşı görülən tibbi-profilaktik tədbirlərlə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.

 

İşlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 9:00-dan başlayıb.

 

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, həyata keçirilən tədbirlərin müddəti və istifadə olunan məhlulun tərkibi bu sahənin mütəxəssislərinin rəyi üzrə müəyyənləşdirilib. Dezinfeksiya işləri şəhərin ümumi canlılar aləmi nəzərə alınaraq 2-3 həftədən bir aparılır:

“Saat 18-ə qədər bu proses davam edəcək. Saat 9-11, 11-13, nahar fasiləsi də nəzərə alınmaqla, 14-16 və 16-18 olmaqla gün ərzində davam etdiriləcək. Bununla bərabər, üzümü bütün vətəndaşlarımıza tutaraq deyirəm ki, dövlət səviyyəsində, eləcə də, İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, hər bir vətəndaşın üzərinə düşən məsuliyyət də bu məqamda çox önəmli məsələdir”.

 

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı öz təşəbbüsləri ilə paytaxtın dezinfeksiya işlərinə də qoşulub. Nazirlik tərəfindən bu işləri həyata keçirmək üçün 8 ədəd texnika ayrılıb.

 

Eyni zamanda paytaxtın kommunal xidmətlərinin mindən çox əməkdaşı dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparıblar.

 

Qeyd edək ki, paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

 

Səfər Əlizadə,

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv