Paytaxtın daha üç rayonu tullantıların çeşidlənməsi layihəsinə qoşulacaq
Səkkiz aydan çoxdur paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihəsinin icrası həyata keçirilir.
APA TV-nin verdiyi məlumata görə, layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbərlərindən biri Devid Dray Bakıya gəlib. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, bu il görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər məsələlər müzakirə olunub. Görüşdən sonra Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində jurnalistlərə açıqlama verən Devid Dray bildirib ki, layihənin Bakıda sıfır mərhələsindən başlamasına baxmayaraq, əldə olunan ilkin nəticələrini uğurlu saymaq olar. Belə ki, Londonda 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakıda isə yeni başlanmasına baxmayaraq əldə edilən nəticə çox yüksəkdir: “Bakının Nərimanov rayonunda 8 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 26-35 faiz olaraq son vaxtlarda 40 faizə çatıb, kağız və karton tullantıları 25 faiz olmuşdur ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 22-24 tona çatıb”.
David Dray onu da deyib ki, bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Nəsimi və Yasamal rayonlarının layihəyə cəlb edilməsi nəzərdə tutulur: “Bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması işlərin ləngiməsinə problem yaradır. Bunu isə geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Həmçinin çeşidlənmiş tullantıların oğurlanaraq müxtəlif qəbul məntəqələrinə təhvil verilməsi halları da qeydə alınıb və bu məsələlər hüquq-mühafizə orqanlarının nəzərinə çatdırılıb".
Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov isə bildirib ki, yanvar ayında keçirilən monitorinq bütün rayonu əhatə edib: "Monitorinqin nəticəsinə görə, 37-41 faiz arası çeşidləmə faizi olub. Nərimanov rayonundakı pilot layihə artıq digər rayonlarda da keçirilmə ərəfəsindədir. Bugünkü monitorinqdə yenə də hansı ünvanlarla bağlı çatışmazlıqlar varsa araşdırılacaq. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakını aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək".
Qeyd edək ki, paytaxtın bütün rayonlarında tullantıların yığılma, daşınma və çeşidlənmə işlərinin 2022-ci ilə qədər yekunlaşacağı planlaşdırılır.
Səfər Əlizadə
Musa Qulammirzəyev
APA TV