Paytaxtın Səbail rayonunda əməliyyat keçirildi – SAXLANILANLAR VAR
Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında yaxalanıb. Onun üzərindən 2 büküm heroin və metamfetamin aşkar edilib.
Nurlan Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. Keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Nicat İmanquliyev də tutulub. Onun üzərindən və yaşadığı evdən 2 kiloqramdan artıq heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.