“Pekarnı”dan maraqlı görüntülər – Çörək belə hazırlanır - APA TV
“Pekarnı”dan maraqlı görüntülər – Çörək belə hazırlanır - APA TV Tarix boyu çörək üstündə qırğınlar baş verib, müharibələr gedib.
Çörəyin müqəddəsliyi haqqında bu günə kimi çoxlu sayda kitab yazılıb, məsləhətlər verilib, fikirlər söylənilib, zərbi-məsəllər yaranıb. Statistikaya görə, azərbaycanlılar dünyada ən çox çörək yeyən xalqlar sırasında yer alır. Hər bir azərbaycanlı gün ərzində təxminən 350 – 500 qram çörək yeyir. Bəs görəsən həvəslə alıb yediyimiz çörəklər necə hazırlanır?
Ümumi sahəsi 3 hektara yaxın olan №1 Çörək Zavodunun tikintisinə 2012-ci ildə başlanılıb. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlara cavab verən zavodun açılışı 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur. Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılıb. №1 Çörək Zavodu gigiyenik, sağlam, keyfiyyətli çörək və çörək-bulka məmulatları üzrə istehlakçı tələbatını qarşılayır. Zavodda istehsal olunan “Xüsusi”, “Kəpəkli”, “Sadə qara”, “Buğda dənəcikli” batonlar, “Borodin”, “Paytaxt”,“Alman” çörəkləri artıq neçə illərdir ki, alıcılar tərəfindən sevilərək istehlak olunur.
Bundan başqa burada bişirilən qarabaşaq, təndir, çovdar, qarğıdalı, pəhriz, zavod, vegipan, tost, burger, hot –doq, əla növ buğda unu ilə bişirilən extra baton çörəkləri, korjik, məktəbli bulkası, kruassan və kətələr illərdir ki, istehlakçıların damaq dadına xitab edir. Keyfiyyətli xammal, istifadə olunan texniki avadanlıqların müasirliyi və xəmirin daha yaxşı mayalandırılma texnologiyası yüksək keyfiyyətli çörəyin istehsalına gətirib çıxarır. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan zavodda xüsusi laboratoriyada yoxlanılır və istehsala buraxılır. İstehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq edilir. Burada istehsalın heç bir mərhələsində xammal və hazır məhsullar insan əli ilə təmasda olmur.
Xüsusi paketləmə sayəsində ekoloji və sağlam məhsul zavoddan süfrələrinizə gəlib çatır. №1 Çörək Zavodu həm də şüurlu istehlak ənənələri yaratmağa çalışır. Tərkibində heç bir konservant, kimyəvi qatqı olmayan “N1” çörəkləri öz keyfiyyətini və dadını 48-72 saat ərzində qoruyub saxlayır. Çörək israfının qarşısını almaq üçün burada gigiyenik şəraitdə qablaşdırılmış və 72 saat saxlama müddəti olan çörəklər istehsal olunur. №1 Çörək Zavodu istehlakçılarının sağlamlığını və məmnuniyyətini ön planda tutaraq bazar liderliyini qorumaqdadır. №1 Çörək Zavodunda istehsal olunan çörəyin digər zavodlarda istehsal olunan çörəklərdən əsas fərqi odur ki, bu çörəklərə ilk siz toxunursunuz. İlham Əhmədov, Həzrət Bayramlı, Rasim Bəhrami, APA TV