Pensiyaçılar üçün yenilik - QANUN LAYİHƏSİ HAZIRLANIB

Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Abbasovun APA TV-yə verdiyi xəbərə görə, bu dəyişiklik pensiya ilə bağlı yeni qanun layihəsində nəzərdə tutulub: “Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz. Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək”.

 

Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.

 

Yeni qanun layihəsində nəzərdə tutulan digər dəyişiklik isə ailə başçısını itirmiş şəxslərə şamil oluna bilər: “Ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs yalnız həmin kateqoriyadan olan sosial müavinəti ala bilərdi. Lakin yeni qanun qəbul olunsa o zaman ailə başçısını itirmiş kateqoriyasından olan şəxs bir nəfərə 67 manat alırsa, digər misal üçün sosial yardımın məbləği 87 manatdır pensiyasını ona dəyişmək üçün müraciət edə bilər”.

 

Bununla yanaşı sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin  pensiyaya çıxma qaydalarının da dəyişdirilməsi nəzərdə tutulur. Əgər hazırkı qanunla sağlamlıq imkanları məhdud uşaqların analarının pensiyaya çıxması digər vətəndaşlara nisbətdə 5 il erkən idisə, indi bu qayda həmin uşaqların atalarına da tətbiq ediləcək.

 

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv