Pensiyalar artırıldı - YANVAR AYININ ARTIMI FEVRALDA VERİLƏCƏK
Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamının icrası olaraq, 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır”. APA TV-nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bugünki sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlib. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək: “İşləyən əhalinin fərdi hesablarındakı pensiya kapitalı da Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata uyğun olaraq, istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməklə yanvarın 1-dən 2,6 faiz artırılacaq. Həmin kapitallarda artım isə sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin artımına əsas yaratmış olur. Bu, bir tərəfdən də əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak üçün bir stimuldur". Sahil Babayev 8 saatlıq iş rejimi ilə bağlı məsələyə də aydınlıq gətirib. Nazirin sözlərinə görə 8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu 2 səpkidə işləyəcək. Nazir bildirib ki, ilkin olaraq işlər bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıq edilməsi istiqamətində olacaq. İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Onun sözlərinə görə, hazırda təklifləri hazırlanılır. Təkliflər hökumətə veriləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırma və monitorinqin biznes mühitinə mənfi təsir göstərməməsi üçün ilk mərhələdə xəbərdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrinin izah edilməsi olacaq. Xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Sahil Babayev ötən il əsassız ünvanlı yardım, pensiya, müavinət təyinatlarına rəvac vermiş nazirlik əməkdaşları ilə bağlı 31 halda hüquq-mühafizə orqanlarına müraciət edildiyini də bildirib. Nazir deyib ki, onlar barədə cinayət işləri başlanılıb. Daxili nəzarət tədbirləri əsasında 25 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə geri qaytarılıb. O, əlavə edib ki, ötən il ərzində 11 minə yaxın vəfat etmiş şəxs, eləcə də 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxslər sistemdən kənarlaşdırılıb. 3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib və onlara verilən ödənişlər dayandırılıb.