Pensiyalar növbəti dəfə nə vaxt artacaq?
Vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır və ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl addımlar atılır. Elə təkcə 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni, son beş ildə dördüncü sosial islahat paketi də xüsusilə indiki - dünyanın böhran və inflyasiyanın yeni dalğasına məruz qaldığı bir vaxtda Azərbaycan dövlətinin öz vətəndaşının yanında olduğunu bir daha təsdiq edir. Əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edib və həmin paketlər üçün əlavə olaraq illik 6 milyard manat ayrılıb. 750 milyon manat ayrılan növbəti islahat paketi isə 1,9 milyon insana təsir edəcək.
Ümumiyyətlə hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir. Son beş ildə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Yeni sosial islahat paketi üzrə 2023-cü ilin əvvəlindən pensiyaların orta aylıq məbləği artaraq 423, yaşa görə pensiyaların orta aylıq məbləği isə 456 manata çatıb. Bu rəqəmlər orta aylıq pensiyada 2022-ci ilə nisbətən 14 faiz, beş il əvvələ, 2018-ci ilin əvvəlinə (208 manat) nisbətən isə 2 dəfə artım baş verdiyini göstərir. Ekspertlərin fikrincə, dünyada gedən iqtisadi proseslərə nəzər yetirdikdə aydın görünür ki, ölkəmizdə sosial islahat paketlərinin qəbul edilməsi birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına yönələn addımdır.
Bundan başqa, Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, bu əsasda əhaliyə çevik və şəffaf xidmətlərin göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının uğurlu icrası üçün son beş ildə ardıcıl olaraq elektronlaşma proqramı həyata keçirilir və qısa müddətdə mühüm nəticələr əldə edilib.