20:18 30 noyabr 2021 294
Ana səhifə Xəbərlər

Pensiyalarla bağlı hər şey dəyişir: yüksək təqaüd, sərfəli kredit

Azərbaycanda özəl pensiya fondlarının yaradılması nəzərdə tutulur. Bunun üçün xarici ölkələrin təcrübələrindən yararlanacayiq.

Son vaxtlar bir sıra mütəxəssislərin, millət vəkillərinin çıxışlarında tez-tez pensiyalarla bağlı qanunvericilikdə və mövcud qaydalarda dəyişikliklərə ehtiyac olduğu vurğulanır.

Bəs özəl pensiya fondları yaradılsa, nələr dəyişəcək? Məsələn, vaxtından əvvəl təqaüdə çıxmaq, şəxsi balansa yığılan vəsaitdən kredit formasında yararlanmaq kimi imkanlar yaranacaqmı? Pensiya yaşı çatmamış dünyasını dəyişənlərin toplanan vəsaiti təqaüd formasında varislərinə veriləcəkmi? 

Özəl fondlar dövlətin bu sahədə yükünü azalda biləcəkmi?

İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, özəl pensiya fondlarının yaradılmasının kapital bazarının formalaşdırılmasında mühüm əhəmiyyəti olacaq: “Qərbdə kapital bazarı inkişaf edən ölkələrdə həm səhm kapital bazarında, həm də uzun müddətli kreditlər verən məhz bu pensiya  fondlarıdır. Pensiya fondları uzun müddətli dönəm üçün nəzərdə tutulduğundan onların əlində həmişə kapital olur. Əgər mən pensiya fondlarına indi yatırım edirəmsə bu 20-30-40 ildən sonra bu vəsaiti götürəcəyimə görə həmişə əlimdə ucuz və uzun müddətli kapital olur”.

Bəs vətəndaşın bu fondlara yatırdığı vəsaitlər bata bilərmi? Xalid Kərimli deyir ki, bu risk sığorta fondları hesabına sıfıra endiriləcək: “Bu risklərin aradan qaldırılması məqsədi ilə çox vaxt sığorta fondları həm  bu vəsaitləri, həm də buradakı resursları sığortalayırlar. Amma yenə də  biz əlimizdəki resursları hansısa fonda etibar ediriksə, bunun risklərini də gözə almalıyıq. Nə qədər etibarlı şəxslər bunu idarə eləsə də, kifayət qədər riskli instrumentlərdən qaçmağa çalışsalar da, pensiya fondları adətən daha  etibarlı şirkətlərə yatırımlar edirlər”.

İqtisadçı Ruslan Atakişiyev isə bildirir ki, dövlət pensiya fondlarından fərqli olaraq, özəl pensiya fondu əhalinin öz qazancı hesabına yaradılan baza olduğundan, faydası da daha çox olacaq: “Özəl pensiya fondları müştərilərinə daha yaxşı xidmət göstərəcək, çünki rəqabət olacaq. Daha yaxşı şərtlərlə pensiya xidmətləri təklif edəcəklər .Eyni zamanda bazarda müxtəlif rəngarənglik yaranacaq. Müştərilər də hansı özəl pensiya fondları onlara uyğun, daha yaxşı təkliflər etsə, onlarla da işləməyə başlayacaqlar”.

Mütəxəssislərin fikrincə, özəl pensiya fondlarının yaradılması ölkə iqtisadiyyatının inkişaf etməsində mühüm rol oynayacaq, eyni zamanda uzun müddətli maliyyə resursları yaranacaq. Bu sistemin yaradılması ilə vətəndaşlar pensiyaya çıxmazdan öncə, artıq öz resurslarını planlaşdırmış olacaqlar. Daha aydın desək, özəl pensiya fondlarının yaradılmasında əsas üstünlük ondan ibarətdir ki, vətəndaş özəl pensiya fonduna istədiyi qədər sığorta haqqı ödəyə biləcək. Sonda isə pensiyaya çıxanda həmin məbləğ artıqlaması ilə ona geri qayıdacaq. Bu da imkan verəcək ki, vətəndaş daha yüksək pensiya ilə təmin olunmuş olsun. Onu da qeyd edək ki, Mülki Məcəlləyə uyğun olaraq dünyasını dəyişmiş şəxsin vəsaitləri də varislərinə keçəcək.

Nərmin Murad

Kamran Namazov

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın