Pərviz Bülbülə, Türkan Vəlizadə, Üzeyir Mehdizadə... - Bu müğənnilərə qadağa qoyulacaq?
Zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları, təbliğ edən aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnılar Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən keçirilən "Mahnılarımız monitorinq aynasında" adlı hesabat tədbirində müzakirə edilib.
Tədbirdə Monitorinq mərkəzinin müşahidə şurasının üzvləri, dilçi alimlər, millət vəkilləri, ziyalılar, tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, professor Sevinc Əliyeva Azərbaycan musiqisinin əsas qolu olmaqla dilimizin bütün incəliklərini əks etdirən mahnı janrında ədəbi dil normalarının kobud şəkildə pozulmasından danışıb və bu sahədə monitorinq aparılmasının zəruriliyini vurğulayıb.
Professor bildirib ki, bu gün xüsusən də internet resurlarında təbliğ olunan bəzi bayağı mahnılar Azərbaycanın böyüməkdə olan nəslinə çox böyük ziyan vurur. Mahnı mətnlərində leksik və qrammatik norma pozuntusu, üslub və ifadə səhvləri, ifalarda isə çox vaxt dialekt elementlərinə rast gəlinir. 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1253 norma pozuntusu müəyyənləşdirilib.
Tədbirdə çıxış edən digər alimlər son dövrlər mahnı yaradıcılığında ciddi böhranın müşahidə olunduğunu, heç bir məna yükü olmayan, bədiilikdən uzaq mətnlər, ifa üçün yetərli olmayan səs tembrləri və texnikaların milli mədəniyyətimizə ciddi zərbə vurduğundan gileyləniblər. Dövlət dil komissiyası bəzi mahnıların qadağan olunmasını da təklif edib.
Qeyd edək ki, monitorinq zamanı mahnılarımızda 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb. Ən çox pozuntulara Pərviz Bülbülə, Türkan Vəlizadə, Üzeyir Mehdizadə, Nüşabə Musayeva, Talıb Tale və digər ifaçıların mahnılarında rast gəlinib.
AYNUR QARA
XƏYAL İSKƏNDƏROV
APA TV