Peyvəndlənən şəxslərə sərt karantin dövründə bəzi güzəştlər edilə bilər
Artıq ölkəmizdə 40 yaşdan yuxarı vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.
APA TV xəbər verir ki, müvafiq yaş qrupuna daxil olan insanlar qeydiyyatdan keçərək, virus əleyhinə vaksinin hər iki dozasını vurdura bilərlər:
- 1-ci dozanı qəbul etmişəm. 28 gündən sonra 2-ci dozanı qəbul edəcəm. Keyfiyyəti barədə heç nə deyə bilmərəm. Əlbəttə, inanıram. Dövlət bunun üçün bu qədər pul verir. Küçəyə atmaq üçün deyil, insanlara vurmaq üçündür.
- Bəli, hər iki dozanı qəbul etmişəm. Özüm tibb işçisiyəm. Heç bir fəsad baş vermədi. Hər kəs vurdursa, yaxşı olar. Tarix boyu vaksin vurulub insanlara çiçək xəstəliyindən tutmuş. Bu da həmin vaksinlərdən biridir.
- 1-ci dozanı vurdurmuşam. İkinci sabah olacaq. Tövsiyəm budur ki, hər kəs vurdursun. Vacibdir. Heç bir yan təsirini hiss etməmişəm.
Sorğumuz zamanı bəlli oldu ki, əksər insanlar vaksinasiya prosesinə könüllü olaraq qoşulsa da, hələlik yaşı 40-dan yuxarı olan, lakin vaksin vurdurmayan vətəndaşlar da var. Səbəblər isə müxtəlifdir:
- Xeyr, vurdurmamışam. Naxçıvandan iki gündür gəlmişəm, bu səbəbə vurulmayıb hələlik mənə. Ancaq vurduracam.
- Düzünü deyim ki, vurdurmamışam. Vurduraram, ancaq məndə bəzi şübhələr var. İnsanların hərəsi bir söz deyir.
- Mən xəstə idim. Türkiyədə müalicə almışam. 1 il mənə olmaz. Ancaq 1 ildən sonra vaksin vurdura bilərəm. Ona görə hələlik vurdurmamışam.
Həkim-infeksionist Vasif Əliyevin sözlərinə görə, vaksinasiya prosesi COVID-19 virusuna qarşı həyata keçirilən tədbirlər prosesinin tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda virusun zərərlərinin azaldılması istiqamətində ən effektiv vasitədir: “Vaksinlər müxtəlif cürdür. Lakin hər birinin məqsədi insanda bu virusa qarşı anticismlərin yaradılmasıdır. Anticisimlərin yaranmasının nə faydası var? Anticisimlər yaranan zaman biz xəstəliyi ya asimptomatik formada keçiririk, ya ümumiyyətlə yoluxmuruq, ya da daha ağır formada keçirilmənin qarşısını alır. Çünki bu anticisimlər bizim yaddaş hüceyrələrimizdə COVID-19 virusuna qarşı immunitet formalaşdırır. Vaksin bir növ yoluxmanın qarşısında əngəldir. Bunun qarşısını alır. Təbii ki, bizi də pandemiyanın daha ağır fəsadlarından qorumuş olur. İnsanlar nə qədər kütləvi olaraq vaksin prosesinə qoşularlarsa, bir o qədər də toplumda COVID-19 virusuna qarşı qoruyuculuq yaranar, həm öz sağlamlığı yerində olar, eyni zamanda, digər insanların yoluxmasının qarşısı alınar”.
Həkim onu da qeyd edib ki, yaş artdıqca insanlarda xroniki xəstəliklərə yoluxma ehtimalı da artır. Bu səbəbdən yaşı 40-dan yuxarı olan vətəndaşların COVID-19 virusuna qarşı vaksini zamanında qəbul etmələri vacibdir. Vasif Əliyev həmçinin 2-ci dozanın qəbul edilməsinin vacib olduğunu da deyir: “Davamlı olaraq antitelin əmələ gəlməsi üçün mütləq qaydada 2 doza vurulmalıdır. Bunlar 0-28 gün arası müəyyənləşdirilir. Əgər tək doza vaksin vurulubsa, bunun etibarlılığı çox aşağıdır. Antitelin yaranması üçün mütləq 2-ci doza vurulmalıdır”.
Qeyd edək ki, bəzi tibbi mənbələr sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı barədə məlumat yayıblar. Həmin məlumatlara görə, vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara SMS-icazə və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.
Yeri gəlmişkən, xatırladaq ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Xələf Xələfov,
Üzeyir Ağayev,
APA TV