Piyada zolağını yağış yudu, məktəbin qarşısı ölüm saçır

“286 saylı məktəbin qarşısındayıq. Burada piyada keçidi zolağını yağış yuyub. Nəzərə alsaq ki, məktəbdə 2 mindən çox şagird təhsil alır. Məktəbə doğru keçid olan yolda avtomobillər istədikləri sürətlə sağa-sola şütüyürlər.Burada nəinki piyada keçidini yağış yuyub, hətta yolda hərəkəti tənzimləyən nişan belə yoxdur. Bəs yaxşı burada təhsilalan 2000-dən çox şagirdin təhlükəsizliyinə kim cavabdehdir”.

Sakinlər deyir ki, Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmır. Gəlib yerə zolaq çəkdilər, lövhələri söküb apardılar ki, yenisini gətirib yerləşdirsinlər. Amma heç 3 gün keçmədi ki, zolağı yenidən yağış yuyub apardı. Lövhələr isə hələ də gəlməyib.

Bu Bakının qarşısında piyada zolağı silinən və  ya olmayan yrganə məktəbi deyil. Xatırlayırsınızsa, Binə qəsəbəsində yerləşən 88 saylı məktəbin önündə də analoji vəziyyət yaranmışdı. Elə o vaxt məsələyə cavabdeh olan Bakı Nəqliyyat Agentliyindən bildirilmişdi ki, günü sabah əraziyə baxış keçiriləcək və məsələ həll ediləcək. Eyni sözləri bir az fərqli şəkildə 286 nömrəli məktəb üçün də səsləndirdilər. “Piyadaların təhlükəsizliyi üçün əraziyə baxış keçiriləndən sonra lazımi tədbir görüləcək”.

Yəni BNA-nın açıqlamasını tərcümə etsək, bu “məsələ həll ediləcək” deməkdir. Məktəblərdən savayı ümumiyyətlə Bakının əksər ərazilərində eyni hal yaşanır. Xətai, Nərimanov, Yasamal, Nizami, Suraxanı və digər rayonlardakı yollarda piyada zolaqlarının çoxu görünməz haldadır. Bunu həmişə yağışın üzərinə atmaq nə dərəcədə düzgündür? İqlim şəraitinə görə Azərbaycandan daha çox atmosfer yağıntılarına məruz qalan ölkələrdə bu problem niyə yaşanmır? Və ya bu nə boyadır ki, yağış yerə dəyər-dəyməz silinir? Necə olur ki, əvvəllər nişanlanma xətləri çəkildikdən sonra illərlə yararlı vəziyyətdə qalırdı, amma indi bir neçə gün sonra yoxa çıxır? Suallar çoxdur, təəssüf ki, cavabsız. Hələ biz çəkilən bu zolaqların işıqqaytarıcı xüsusiyyətlərinin olmamasından danışmırıq.

Ekspertlər düşünür ki, yol cizgilərinin xətləri qısa müddətdə silinirsə, deməli, ya çox keyfiyyətsiz boyalardan istifadə edilir, ya da prosedur standart ardıcıllıqla aparılmır. Çünki adi boya altı ay, termoplastik boya isə qatqısından aslı olaraq, 1-4 il bərpasız istifadə edilə bilər.

İndi dünyanın bir çox ölkələrində 3D formatlı zolaqlar çəkilir. Bu zolaqların bordür effekti yaratması təbii ki, piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.

Nə deyək ölkəmizdə Allahın ümidinə buraxılan bəzi yollarda piyadaları elə Allah qoruyur. Aidiyyəti qurumlara qalsa, vəziyyəti təsəvvür belə etmək olmur...

 

 

AYTƏN SAKİTQIZI

CEYHUN MUSTAFAYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv