Piyadaları kimlər ölümə aparır? - Bakı küçələrində yaradılan təhlükə
Səkilər yolun çox vacib hissəsidir, ancaq təəssüf ki, Bakı piyadaların hərəkəti üçün çox təhlükəlidir. Səkilər standartlara uyğun deyil, ya da yox dərəcəsindədir. Hətta orada qanunsuz parkinq yerləri, piyadaların hərəkətinə mane olan avtobus dayanacaqları salınır. Bundan başqa yeni tikilən binaların nizamsız şəkildə hasarlanması, ictimai iaşə obyektlərinin yol kənarlarını zəbt etməsi nəticəsində sakinlər ensiz səkidən avtomobil yoluna çıxmağa məcbur olur, bu da təhlükəli vəziyyət yaradır.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, son illərdə görülən bəzi işlər piyada yönümlülüyə ciddi zərbə vurub: “Müasir şəhərləri piyada səkilərsiz təsəvvür etmək mümkün deyil. Xüsusən piyada səkiləri bardur daşları ilə ayrılmalıdır. Bardur daşlarının da hündürlüyü, standartı olmalıdır. Piyada səkisinin özünün eninin də bir standartı olmalıdı. Bakı şəhərinin bir neçə küçələrində əsaslı təmir adıyla işlər aparıldı. Yasamal rayonu, Nərimanov rayonu ərazisində avtomobil yolları üzərinə betonlar döşəndi. Yollar daraldıldı. bardur daşlarının hündürlüyü həddindən artıq hündür qoyuldu. Yol keçidində bardur daşları elə səviyyədə qoyuldu ki, əlilliyi olan şəxslər həmin yoldan əlil arabası ilə keçə bilmir, çətinlik yaşayırlar. Ötən il ərzində Bakı şəhərində velosiped yolları çəkilməli idi avtomobil yollarının sağ zolağında. Amma nədənsə müvafiq qurunlar bu velosiped yollarını birbaşa olaraq piyada səkilərinin üzərində saldılar. Piyadaların səkidə sərbəst hərəkətini məhdudlaşdırdılar. Bu artıq piyada yönümlülüyə vurulan bir zərbə idi.
Eldəniz Cəfərov əlavə edib ki, dövlətin balansında olan parklanma yerləri vətəndaşdan gizlədilir, nəticədə sürücülər avtomobillərini səkidə saxlayırlar: “Bu gün şəhərsalmada yol nəqliyyat infrastrukturunda olan özbaşnalıq, hansı qurum harada necə tikir necə sökürsə ictimai fikri də nəzərə alan yoxdu, dövlətin qaydalarını qanunlarını da nəzərə alan yoxdu. Bununla bağlı dövlətin proqramları var. 2019-2023-cü illəri əhatə edən Azərbaycan Respublikasının Yol Hərəkətinin təhlükəsizliyinə dair proqram var. Cənab Prezident bunu 2018-ci ildə imzalayıb sərəncama göndərib. Çox mükəmməl proqramdı. Amma müvafiq qurumlar bu proqramı tamamilə iqnor ediblər, bu proqramı açıb baxan da yoxdu. Ona görə də Bakı şəhərində piyadaların vəziyyəti də bu gündədi. Bakı şəhərində piyada olmaq bu gün təhlükəlidir.
Şəhər sakinləri də mövcud vəziyyətdən narazıdırlar.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynovun mövqeyini öyrənmək mümkün olmadı. Mətbuat katibi telefon zənglərimizə cavab vermədi
Ümid edirik ki, aidiyyəti orqanlar növbəti ildə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsaslanaraq problemin həlli üçün lazım olan tədbirləri görəcəklər.