Piyadavurmaların sayı azalacaq – BAKIDA YENİ İŞIQFORLAR QURAŞDIRILIR

Bakıda işıqforların üzərinə piyada bölmələri əlavə edilir.

 

APA TV-nin məlumatına görə, artıq paytaxtın bir sıra küçə və prospektlərində, vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində yeni işıqfor qurğularının quraşdırılmasına başlanılıb.

 

Mövcud işıqforların yanına yerləşdirilən iki hissəli yeni nəsil svetofor qurğuları piyadaların hərəkətini nizamlayacaq. Məqsəd piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.

 

Piyadalar üçün yaradılan bölmələrdən vətəndaşlar da razıdır:

 

- “Yaxşı addımdır. Daha piyadaları maşın vurmaz. Camaat öz qaydası ilə yolu keçər”.

 

- “Bu işıqforlar biz insanların qeydinə qalmaq üçün qoyulub və biz də yolu keçəndə işıqfora diqqət edib keçməliyik ki, hər hansı bir qəza şəraiti yaranmasın”.

 

- “Yaxşıdır. İşıqfor qabaqcadan xəbərdarlıq edir ki, fikirli olan adamlar görsünlər. Çox gözəl və müasir bir texnologiyadır. Şəxsən mən bəyəndim”.

 

- “Bu işıqforlar cavanlar üçün yaxşıdır. Onlar yolu keçəndə işıqfora baxsınlar”.

 

- “Onsuz da qaydalara əməl edən edəcək, etməyən də etməyəcək. Gecikən insan onsuz da piyada keçidi olmadan da yolu keçəcək”.

 

- “Hər yerdə işıqfor olsun. Piyadalar da rahat hərəkət edə bilsin. Müasir işıqforların qoyulması biz piyadaların təhlükəsizliyi baxımından yaxşıdır”.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, gələcəkdə sözügedən işıqfor qurğularının paytaxtın digər küçə və prospektlərində quraşdırılması da nəzərdə tutulub: “Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərində piyada seksiyalarının quraşdırılmasına başlanılıb. Məqsəd piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Aparılan təhlillərlə müəyyən olunan digər yol kəsişmələrində də analoji addımlar atılacaq”

 

Qeyd edək ki, piyadalar üçün nəzərdə tutulmuş işıqforlar indiyə kimi paytaxtın 28 May küçəsinin Kövkəb Səfərəliyeva, Aleksandr Puşkin və Rixard Zorge küçələri ilə, Nizami küçəsinin isə Kövkəb Səfərəliyeva və Aleksandr Puşkin küçələri ilə kəsişmələrində quraşdırılıb.

 

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv