Polad Bülbüloğlu Beyləqanda konsert verdi
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 75 illik yubileyi ərəfəsində Beyləqanda əsgər və rayon ictimaiyyəti qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib.
APA TV-nin məlumatına görə, musiqi mədəniyyətimizdə özünəməxsus və təkrarolunmaz yeri olan, dünya şöhrətli bəstəkar, müğənni Beyləqan Olimpiya İdman Kompleksində, “Gəl, ey səhər” adlı konsert proqramı ilə sevənləri ilə görüşüb.
Tamaşaçılara Xalq artistinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunduqdan sonra Polad Bülbüloğlu, Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti sevilən mahnılarını səsləndirib.
Gecədə Polad Bülbüloğlunun oğlu Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin "Rapsodiya"sı təqdim olunub.
Qeyd edək ki, Polad Bülbüloğlu, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb, “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib. Prezident İlham Əliyevin 2020-ci il 3 fevral tarixli Sərəncamı ilə Polad Bülbüloğlu mədəniyyətimizin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Azərbaycanın ən ali mükafatına – “Heydər Əliyev” ordeninə layiq görülüb.