Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”

Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu 75 illik yubileyi münasibətilə cəbhə bölgəsində “Gəl, ey səhərim” adlı konsert proqramı təşkil edib.

 

APA TV-nin məlumatına görə, “N” saylı hərbi hissədə olan diplomat aprel döyüşlərində Lələtəpə yüksəkliyini erməni işğalından azad edən əsgər və zabitlərin şəraiti ilə tanış olub, onlarla birgə nahar edib. Səfir ordumuzun ən qısa vaxtda işğal altında olan torpaqlarımızı azad edəcəyinə əmin olduğunu bildirib: “Məni inanıram ki, Ali Baş Komandanın rəhbərliyi altında Şuşa işğaldan azad olunacaq. Mən də öz ata yurduma gedəcəyəm və Cıdır düzündə siz əsgərlərin qarşısında konsert  verəcəyəm”. 

 

Ad gününü ön xətdə xidmət edən hərbçilərlə bir yerdə qeyd edən Polad Bülbüloğlu qələbə marşını da özünün yazacağını deyib: “Bu gün bura gəlmişik, istəyirəm ki, bu əsgərlər görsün ki, kimi qoruyurlar. Bu gün Şuşanın ətəyini görmək, Şuşanın dağlarını görmək məni çox duyğulandırdı. Bu gənc əsgərlərimizlə bir yerdə olmaq məni qürurlandırır. Mənim üçün çox xoşbəxt bir gündür bu gün. Burda olmaq məni ilhamlandırdı. Qələbə marşını yazacağam”.

 

Daha sonra hərbi hissənin mətbəxində çalışan qadınların onun üçün hazırladığı yubiley tortunu kəsən Polad Bülbüloğlu bütün əsgərləri axşam saatlarında Beyləqan Olimpiya  İdman Kompleksində təşkil olunan konsertə dəvət edib.

Müəllif | Apa.Tv
Apa.tv