Polis axtardığı cinayətkarı hicab altından çıxardı - QADIN BAKIDA “DİNDAR” OLUB
Qubada 49 yaşlı dələduz qadın saxlanılıb.
APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, rayon sakini İradə Xuraminacat vətəndaşları aldadb və pullarını mənimsəyib.
O, insanlara torpaq sahəsi satacağı, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, yüksək məvacib qarşılığında işlə təmin, rayon ərazisində isə balıq məhsullarının satış mərkəzi təşkil edəcəyi vədlərini verib və dələduzluqla 40000 manatdan çox pulu mənimsəyib: “Torpaq və təqaüd düzəltmək üçün 5000 manat bir, 15000 manat da bir almışam. Sonra isə qara kürü almaq üçün 2000 manat, əlavə işə düzəltmək üçün də pul almışam. Torpağa görə Yaşar adlı şəxs, bir nəfərdən pul alıb mənə verib. Azadlıqda qalaramsa, ziyanı ödəməyə çalışacağam”.
Gizlənmək məqsədi ilə bir müddət Bakıda yaşayan İradə Xuraminacat yeni tanışlara özünü dindar kimi təqdim edib və əslində tanınmasın deyə, dini geyimlər geyib, hicab taxıb.
Polis tərəfindən saxlanılan zaman da o, hicabda olub. Polis İradə Xuraminacatın başqa cinayətlərdə iştirakını istisna etmir.