Polis karantin rejiminə əməl etməyənlərə qarşı maarifləndirici reyd keçirdi

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

APA TV-nin məlumatına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları, həmçinin Bakı Şəhər Dövlət Yol Polisinin (BŞDYP) əməkdaşları tərəfindən paytaxtın bütün rayonları üzrə qapalı məkanlar da daxil olmaqla davam etdirilən tədbirlərdə vətəndaşlarla profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.

 

Diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir:

 

Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşı Toğrul Nəsirlinin sözlərinə görə, hazırda paytaxtın müxtəlif ərazilərində profilaktiki reydlər təşkil olunub: “Reydlərin məqsədi ictimai nəqliyyatı saxlatdırmaqla vətəndaşlarla maarifləndirici söhbətlər etmək, onların qoruyucu maskalardan istifadə etməsini təmin etmək və bu barədə onlara ətraflı məlumat verməkdir. Vətəndaşlara tövsiyə edirik ki, müvafiq icazəsi olan şəxsləri evdən çıxarkən qoruyucu vasitələrdən istifadə etməyi unutmasınlar. Bu həm onların, həm də digər yol hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından olduqca vacib məsələdir”.

 

Göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən, sosial məsafəni gözləməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv