Polis Masallıda “əsgərlik qonaqlığı”nı yarımçıq dayandırdı
Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata və qonaqları saxlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Aparılan profilaktik söhbətdən sonra məclis sahibi səhvini etiraf edib: “Oğlum əsgərlikdən gəlmişdi. Mən də qohum-əqrəbanı yığdım başıma, yığıncaq elədim. Polis əməkdaşları gəldi. Səhv eləmişdim, səhvimi başa düşdüm”.
Karantin qaydalarının pozulmasına görə, 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.