Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 104 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Gənclər qarşısında çıxış edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.