Polis paytaxtın bütün rayonlarında reydlər keçirdi – KARANTİN REJİMİNƏ GÖRƏ

Fəaliyyətinə icazə verilən sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib. 

 

APA TV-nin məlumatına görə, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb: 

 

BŞBPİ-nin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyir ki, ümumi müşahidələr vətəndaşların qaydalara əməl etdiyini göstərir: “Ümumi müşahidələr onu göstərir ki, vətəndaşlarımız tərəfindən mövcud qayda və tələblərə ümumən əməl olunsa da, amma müəyyən yerlərdə tibbi maskadan istifadə etməyən, ara məsafəsini gözləməmək hallarına rast gəlinir. Ona görə də əsas tədbirlərimizin istiqamətini buna yönəltmişik. Hazırda yerlərdə polis əməkdaşları, Daxili Qoşunların naryad qruplarının əməkdaşları tərəfindən maarifləndirmə işi davam etdirilir. Mövcud qayda və tələblərə əməl etmək hər bir vətəndaşın həyat tərzi olmalıdır. Bu istiqamətdə işlərimiz gün ərzində davam etdiriləcək”.

 

Bundan əlavə, ictimai nəqliyyatda, küçə ticarəti, tüfeyli həyat tərzi sürənlərə və dilənçiliklə məşğul olanlara qarşı da polisi tərəfindən reyd keçirilərək karantin qaydalarının tələblərinə əməl etməklə bağlı xəbərdarlıq edilib.

 

Bakı Şəhər Baş Polis İdarəsi bir daha paytaxt sakinlərinin diqqətinə çatdırır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur. Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv