Polisə “dur get, internetimi düzəlt” dedi, həbs edildi
Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Q. Ağayev yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdə internetin kəsildiyini görüb. Daha sonra yaşadığı ünvanı tərk edərək qəsəbənin mərkəzinə doğru hərəkət edib. Burada o, Qəbələ Rayon Polis Şöbəsinin sahə müvəkkilinin olduğu polis məntəqəsinə daxil olub. Sahə rəisi olan polis baş leytenantından evinin internetini düzəltdirməyini tələb edib və söyüş söyərək səs-küy salıb. Əraziyə əlavə polis əməkdaşları dəvət edildikdən sonra 41 yaşlı şəxs saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.
Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Q.Ağayevə 10 sutka həbs cəzası verilib.