Polisə düşən “sarımsaq işi”, havasız kamera, qarşılıqlı iddialar - KİMDİR HAQLI?

80 ton sarımsaq zay oldu, ziyana düşən isə cəbhə xəttinə yaxın ərazidə yaşayan Ağdam sakinidir.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Mərzili kəndindən məcburi köçkün Mütəllim İmanov məskunlaşdığı Ərgi düzündə sarımsaq becərib, topladığı məhsulu isə özünə məxsus çardağın altına yığıb. Necə deyərlər, malı gözünün qabağında olub.

Fermer yay aylarında ucuz olan qiymətin qışda bahalaşacağını düşündüyündən sarımsağı saxlama kameralarına yığmaq qərarına gəlib və sentyabrın sonu üz tutub Ağcabədi rayonundakı Aqrar Tədarük və Təchizat İdarəsinə...

 

“Ağcabədi rayonunda Rizvan adlı şəxs var. Getdim danışdım, razılaşdıq. Mənə heç bir müqavilə vermədi, pul çeki vermədi. 80 ton malımı apardım qoydum kameraya, ondan sonra hər ayın əvvəlində məndən 4 min manat  alıb. Bu günədək ona 10 min manat pul ödəmişəm. 20 gün bundan əvvəl mənə zəng vurdu ki, malın xarab olur. Həmin vaxt səsimi də yazıb. Xarab mal mənim nəyimə lazımdır? Düzgün temperatur qoymadığı üçün mal xarab olub. Kənd təsərrüfatı mallarının hərəsinin özünün saxlanma dərəcəsi var. O, mənim malımı mənfi 2 dərəcədə saxlamalı idi. Komissiya yaradılsın, görüm mənim malım niyə xarab olub?”

Beləliklə, müəssisə malın daşınmasını, fermer isə dəyən ziyanın ödənməsini tələb edir. Mütəllim İmanov kameralarda olduğu zaman ora təhvil verdiyi malın cücərmə səbəbini kameralarda havalandırma dərəcəsinin düzgün qoyulmadığı ilə əsaslandırır: “Məndə olan şəkillər qoyulan dərəcəni, malın yeşiklərdə saxlanıldığı göstərir. İndi mənə deyir ki, gəl sənə 10 min manat verim get. Şikayət eləmə, sənin malın xəstədir. Mənim malım xəstə idisə, niyə mən 4 ay bu açıq havada bu çardağın altında saxlaya bildim, amma sən soyuducu anbarda 2 ay saxlaya bilmədin?”

 

İddialara aydınlıq gətirmək üçün yollandıq ittiham olunan ünvana. Aqrar Tədarük və Təchizat İdarəsinin mühafizəçisi olduqlarını deyən 2 şəxs bizə içəri keçməyə icazə vermədi. Konkret ittiham olunan şəxsə gəlincə isə onun bu gün işdə olmayacağını bildirdilər: “Gəlmişik məhsulumuza baxmağa, bizi içəri buraxmırlar. İtlə qapını kəsib bizi içəri buraxmırlar”.

 

Amma sonradan müəssisənin rəhbəri yerli büromuzla əlaqə saxladı. Bu dəfə də bildirildi ki, fermerə məhsulun yaş olduğu, tez xarab olacağı barədə xəbərdarlıq edilib. Eyni zamanda məhsulun 80 ton yox, 53 ton və bunu təsdiq edən faktların olduğu bildirildi.

Qeyd edək ki, artıq mübahisəli məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur.

Müəllif | Apa.Tv
Apa.tv