Polisi hədələdi, polisə atəş açdı, məhv edildi
Astarada Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib, xidməti avtomobillərə zərər yetiriblər. Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb. Lent.az insidentin bəzi təfərrüatları ilə bağlı məlumat yayıb. Məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən xüsusi əməliyyat zamanı adıçəkilən şəxslərin idarə etdikləri avtomobilə saxla əmri verilib. Onlar polisin qanuni tələbinə tabe olmayaraq avtomobili polis maşınının üzərinə sürüblər. Sonra isə avtomatla polis əməkdaşlarını hədələyərək atəş açıblar. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının olduğu maşını yararsız hala salıblar. Polis əməkdaşları şübhəli şəxslərə silah tətbiq etmək məcburiyyətində qalıb. Nəticədə Seymur Musayev məhv edilib, digəri isə sağ ələ keçirilib.Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.