Polşa-Azərbaycan əlaqələrinin gücləndirilməsi üçün yeni şərait yaranıb - Kəmaləddin Heydərov
Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası və Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İclasda Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Polşa Respublikasının iqtisadi inkişaf və texnologiyalar nazirinin müavini, Dövlət katibi Qjeqoj Pexoviak və onların rəhbərlik etdikləri komissiyaların üzvləri iştirak ediblər.
Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin hazırki vəziyyətinin məmnunluq doğurduğunu bildirən Kəmaləddin Heydərov iqtisadi əlaqələrimizə təkan vermək, ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
K.Heydərov Azərbaycanda beynəlxalq yük daşımalarına imkan verən müasir nəqliyyat infrastrukturunun formalaşdırıldığını vurğulayaraq, ikitərəfli Komissiya tərəfindən yaradılmış Nəqliyyat və logistika üzrə Polşa-Azərbaycan işçi qrupunun cari ilin mart ayında Bakıda keçiriləcək ikinci iclası çərçivəsində beynəlxalq yük daşımalarla bağlı iki ölkənin tranzit potensialından tam istifadə edilməsi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviqi sahəsində birgə tədbirlərin davam etdiriləcəyinə əminliyini bildirib.
Dövlət katibi Qjeqoj Pexoviak ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinə diqqət çəkərək, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini xatırladıb.
Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, bu ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Polşa iş adamlarını, biznes dairələrini və sərmayəçilərini buraya investisiya yatırılmasına dəvət edib.
Bundan əlavə, 2021-ci ilin 1 iyul tarixində Azərbaycan Prezidenti tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov Polşa biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Polşa sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.
İclasın sonunda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu” imzalanıb.
İclas çərçivəsində “Ələt Azad İqtisadi Zonası ilə Wałbrzych xüsusi iqtisadi zonası arasında Niyyət Razılaşması” imzalanıb.