Polşalı nazir söz verdi: ATƏT sərhədlərin dəqiqləşdirilməsinə dəstək verəcək
“Biz regionda həssas vəziyyətin fərqindəyik”.
APA xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Rau Zbiqnev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Polşa ATƏT sədri olaraq münaqişədən sonrakı dövrdə dayanıqlı sülh və barışığa istiqamətlənmiş bütün səyləri təşviq edir və dəstəkləyir:
“Biz regionda təhlükəsizlik vəziyyətindən narahat oluruq, situasiya hələ də həssas olaraq qalır. ATƏT sədri olaraq etimadın yaradılması, post münaqişə dövrü fəaliyyətini dəstəkləmək üçün biz səyləri təşviq edirik. Rusiyanın Ukraynaya qarşı əsassız aqressiyası ATƏT-in mövcudluğunu təhdid edir, çünki qurumun əsas missiyası regionda münaqişələrin həlli istiqamətində çalışmaq və dialoq kanallarını açıq saxlamaqdır”.
Rau Zbiqnev bildirib ki, ATƏT münaqişə və böhranların həllinin diplomatik və siyasi yolla axtarılmasına, çoxtərəfli həllinə xidmət edən platforma olaraq qalmağa davam edəcək:
“ATƏT Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə və hərtərəfli, davamlı həllin tapılmasına töhfə verməyə tam hazırlıqlıdır. Polşa ATƏT-ə sədrliyi dövründə Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdıran bütün addımları dəstəkləyir. Biz Cənubi Qafqazda çoxtərəfli və inklüziv həlli, sülh perspektivini dəstəkləyirik. Bu gün Bakıda, daha sonra isə İrəvanda tərəfləri təmkin göstərməyə, diplomatik əlaqələri intensivləşdirməyə və bütün qalan məsələlərə hərtərəfli həll yolu tapmağa çağıracağam. Mən səmimi şəkildə ümid edirəm ki, humanitar məsələlərdə irəliləyiş olacaq, itkin düşmüş şəxslər barədə qarşılıqlı məlumat mübadiləsi, tarixi və mədəni abidələrin qorunması məsələlərində də danışıqlar öz həllini tapacaq. ATƏT həmçinin delimitasiya və demarkasiya prosesində dəstək verməyə, təcrübəsini paylaşmağa hazırdır. Hamımızın ortaq məqsədi regionda dayanıqlı sülh və inkişafdır”, - Rau qeyd edib.